İQTİSADİYYAT
Hesablama Palatası INTOSAI-nin Daxili Nəzarət Standartları üzrə Alt-komitəsinə üzv qəbul edilib
Bakı, 30 mart, AZƏRTAC
Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti sahəsində qabaqcıl təcrübələrdən faydalanmaq məqsədilə həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətini genişləndirir. Bu istiqamətdə növbəti addım olaraq Hesablama Palatası INTOSAI-nin (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Daxili Nəzarət Standartları üzrə Alt-komitəsinə tamhüquqlu üzv qəbul edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Polşa Ali Audit Ofisinin rəhbərliyi ilə fəaliyyət göstərən Alt-komitənin əsas məqsədi daxili nəzarət sahəsində qabaqcıl təcrübələrin inkişafına və onların istifadəsinin təşviqinə diqqət yönəltmək və dövlət sektorunda daha güclü idarəetmə hesabatlılığı yaratmaqdan ibarətdir. Alt-komitənin fəaliyyəti dövlət sektoru üçün daxili nəzarət üzrə qəbul edilmiş standart və təlimatların təşviqini, daxili nəzarət fəaliyyətinə dair nümunələrin işlənib hazırlanmasını, daxili nəzarət üzrə hesabatlılıq anlayışının formalaşdırılmasını, həmçinin Alt-komitənin elektron platformasının idarə edilməsini əhatə edir. Alt-komitədə üzvlük Palata daxilində fəaliyyətlə bağlı risklərin idarə edilməsinin təkmilləşdirilməsi, o cümlədən daxili nəzarət fəaliyyətinə dair qabaqcıl təcrübələrdən faydalanmaq imkanı verəcək. Alt-komitə Avstriya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa ali audit qurumları da daxil olmaqla, 25 üzvdən ibarətdir və Daxili Auditorlar İnstitutu (IIA) və Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) kimi nüfuzlu təşkilatlar Alt-komitədə müşahidəçi qismində iştirak edir.