İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Hindistanda illik iclasında iştirak edib
Bakı, 20 iyul, AZƏRTAC
Hesablama Palatasının əməkdaşı Elvin Hacıyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupunun Hindistanın Heydərəbad şəhərində keçirilən illik iclasında iştirak edib.
İclasda Azərbaycan ilə yanaşı, Butan, Braziliya, Çili, Çin, Fici, Gürcüstan, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Maldiv adaları, Portuqaliya, Rusiya, Şri-Lanka, Tayland, Türkiyə, Rumıniya, ABŞ, Zambiya, Filippin və Hindistan Ali Audit Qurumlarının və Hindistanın Milli Dövlət Maliyyə və Siyasət İnstitutunun əməkdaşları təmsil olunublar.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda İşçi Qrupunun 2020-2022-ci illər üzrə iş planının layihəsi, Strateji İnkişaf Planı üçün "Professional Münsiflər Çərçivəsi"nin rolu, "Dövlət Borcunun İdarəolunmasının Auditi üzrə Təlimat"ın statusu, Dövlət Borcu üzrə İşçi Qrupunun 2017-ci ildə Filippinin paytaxtı Manila şəhərində keçirilmiş iclasında qarşıya qoyulmuş məqsədlər üzrə nailiyyətləri, müvafiq standartların təkmilləşdirilməsi üzrə layihənin icra vəziyyəti, Braziliyada dövlət borclarının idarə edilməsi, Portuqaliyada ictimai borc məlumatlarının keyfiyyəti və müqayisəsi, şərti öhdəliklər üzrə auditin planlaşdırılması və aparılması, dövlət borcunun auditi üzrə Çin təcrübəsi barədə təqdimatlar olub. Qeyd olunan təqdimatlarla yanaşı, Hesablama Palatasının əməkdaşı Elvin Hacıyevin "Dövlət borcunun dayanıqlılığının təmin olunmasında Dövlət Borcunun İdarəedilməsi Strategiyasının rolu" mövzusunda təqdimatı dinlənilib.
Bununla yanaşı, 2017-2022-ci illər üçün İşçi Qrupunun Strateji Planının icra vəziyyəti və müvafiq standartların təkmilləşdirilməsi ilə bağlı alt-qrupların fəaliyyəti barədə məlumat verilib, 2019-2020-ci illərdə işçi qrupunun iclasının keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq mövcud formatda əməkdaşlığın davam etdirilməsi, Dövlət Borcu üzrə İşçi Qrupunun internet səhifəsinin təkmilləşdirilməsi və ekspertlər arasında əlaqələrin genişləndirilməsi məqsədilə müvafiq portaldan daha çox istifadə olunması qərara alınıb.