MƏDƏNİYYƏT
Həsən bəy Zərdabinin xatirə gecəsi keçirilmişdir
Zərdab, 28 noyabr (AZƏRTAC). Zərdabda Azərbaycan milli mətbuatının banisi, böyük maarifçi, xeyriyyəçi alim Həsən bəy Zərdabinin xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamının icrası çərçivəsində təşkil edilən və “Xalq üçün döyünən ürək” mövzusunda altında keçirilən gecədə rayon rəhbərləri, ziyalılar, gənclər iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə Həsən bəy Zərdabinin abidəsi və büstü önünə təzə-tər çiçəklər qoymuşlar.
Zərdabi muzeyində keçirilən xatirə gecəsində muzeyin direktoru Vəfa Bayramova görkəmli şəxsiyyətin həyat və fəaliyyəti barədə məruzə etmiş, çıxışlar olmuşdur. Natiqlər xatirəsini daim əziz tutduqları həmyerlilərinin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmışlar.
Qeyd edilmişdir ki, bu cəfakeş insan çar senzurasının qadağalarına baxmayaraq 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli mətbuatımız olan “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, qəzet öz ətrafına qabaqcıl ziyalıları toplayaraq xalqın maarifləndirilməsində böyük xidmətlər göstərmişdir. “Əkinçi” həm də gələcək “Füyuzat”, “İrşad”, “Kaspi” qəzetləri, “Molla Nəsrəddin” kimi nüfuz qazanan qəzet və jurnallar üçün aydın, işıqlı yol açmışdır.