MƏDƏNİYYƏT
Həştərxanda “Azərbaycan Günü” adlı konsert təşkil olunub


Bakı, 12 sentyabr, AZƏRTAC
Həştərxanda “Opera first” İkinci beynəlxalq Xəzər klassik incəsənət festivalı çərçivəsində “Azərbaycan Günü” adlı konsert təşkil olunub.
Azərbaycan Bəstəkarlar İttifaqında AZƏRTAC-a bildiriblər ki, tədbir Həştərxan filarmoniyasının böyük zalında keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Artist for Peace” (“UNESCO-nun sülh naminə artisti”) titulunun sahibi, Xalq artisti professor Firəngiz Əlizadənin dinləyicilərə təqdim etdiyi maraqlı proqrama Azərbaycan klassikləri Qara Qarayevin, Fikrət Əmirovun, eləcə də ölkənin müasir bəstəkarlarının - Firəngiz Əlizadə, Azər Dadaşov, Cəlal Abbasov, Tural Məmmədlinin əsərləri daxil edilib.
Əsərləri Ümid Abbasov (skripka), Nəzrin Aslanlı (skripka), Emin Hüseynov (skripka), Rəna Rəhimova (alt), Orxan Hüseynov (violonçel), Zakir Əsədov (fortepiano) ifa edib.
Tədbirdə bu günlərdə Həştərxanda keçirilən Xəzər mediaforumunda iştirak edən Azərbaycan nümayəndə heyəti, Milli Məclisin üzvləri də olublar.
Rusiya Bəstəkarlar İttifaqının Həştərxan şöbəsinin sədri Konstantin Quzenko çıxışında “Azərbaycan Günü” konsertinin gözləntiləri üstələdiyini vurğulayaraq deyib: “Biz Azərbaycanın peşəkar musiqi sahəsində böyük nailiyyətləri olduğunu həmişə bilirdik. Lakin bu gün dinlədiklərimiz qəlbimizin dərinliyinədək bizi riqqətə gətirdi. Təkcə musiqi yox, Firəngiz Əlizadənin gözəl çıxışı da bizi valeh etdi. O, çıxışında dünya səviyyəsində uğur qazanmış Azərbaycan bəstəkarlıq məktəbinin şanlı tarixinə maraqlı ekskurs keçirdi”.
Bundan başqa, festivalın azərbaycanlı musiqiçilərin iştirak etdikləri yekun qala-konsertində Azərbaycanın Əməkdar artisti Azər Rzazadə çıxış edib.