SİYASƏT
Həştərxanda ümummilli lider Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərəcəkdir
Bakı, 5 oktyabr (AZƏRTAC). Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Rusiya Federasiyasının Həştərxan vilayətinə səfəri çərçivəsində oktyabrın 5-də vilayətin rəhbərliyi ilə bir sıra görüşlər keçirilmişdir.
Vilayətin qubernatoru, Nazirlər Kabinetinin sədri və digər dövlət rəsmiləri ilə keçirilmiş görüşlərdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında son vaxtlar yüksək templə inkişaf edən münasibətlərdən, Azərbaycan dövləti tərəfindən Həştərxanda həyata keçirilən layihələrdən danışılmış, əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Görüşlərdə Həştərxan şəhərinin mərkəzindəki ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan yenidənqurma işlərindən sonra təhsil ocağının rəsmi açılış mərasiminin keçirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, cari il iyulun 19-da Həştərxan şəhərinin meri və vilayətin Təhsil və elm məsələləri komitəsi 11 nömrəli orta məktəbə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin adının verilməsi haqqında qərar qəbul etmişdir. Hazırda məktəbin yenidənqurma işləri başa çatdırılmış, təhsil ocağında dahi şəxsiyyət Heydər Əliyevin əzəmətli büstü qoyulmuşdur.
Dünya təhsil standartlarına cavab verən məktəb özünün yeni tikilmiş korpusu və digər inzibati binaları ilə şagirdləri qəbul edəcəkdir.
######