İQTİSADİYYAT
Heydər Əliyev adına BNEZ-də yeni layihə həyata keçirilmişdir
Bakı, 9 dekabr (AZƏRTAC). ARDNŞ-in Heydər Əliyev adına Bakı neft emalı zavodunda texnoloji proseslərin təkmilləşdirilməsi, istehsal olunan məhsulların keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə mühüm addımlar atılır. Həyata keçirilən tədbirlər sırasında 55 nömrəli katalitik krekinq qurğusunda alınan və yanacaq qazı kimi istifadə olunan quru qazın “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavoduna etilen istehsalının xammalı kimi nəql olunması layihəsi iqtisadi səmərəsinə görə böyük əhəmiyyət kəsb edir.
Cari ilin mart ayında müvəffəqiyyətlə başa çatdırılan bu layihənin davamı olaraq, quru qazın kükürdlü birləşmələrdən və CO2-dən təmizlənməsi məqsədi ilə 100-cü bölmənin tərkib hissəsi olan monoetanolaminlə (MEA) təmizləmə blokunun işə salınması və doymuş monoetanolamin məhlulunun regenerasiya blokunun inşası zərurəti yaranmışdır. Aparılan araşdırmalar göstərmişdir ki, doymuş monoetanolamin məhlulunun regenerasiya blokunun 54 nömrəli qurğunun bazasında yaradılması mümkündür.
ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilən obyektin texnoloji sxeminə əsasən, aparat və avadanlığın yerləşdirilməsinə başlanılmışdır. İstismardan çıxarılmış kükürd qurğusunun ərazisində yerləşən 10KI-I desorber kolonu sökülərək 54 nömrəli qurğunun ərazisinə gətirilmiş və bünövrə üzərində quraşdırılmışdır. Bu layihənin həyata keçirilməsi ilə 55 nömrəli katalitik krekinq qurğusunun 100-cü bölməsində dövr etdirilən hidrogen tərkibli qazın təmizlənməsi də nəzərdə tutulmuşdur. Bu isə öz növbəsində hidrogen tərkibli qaz traktında mövcud problemlərin qismən aradan qaldırılmasına kömək edəcəkdir.