İQTİSADİYYAT
Heydər Əliyev adına BNEZ-in ED-AVQ-6 qurğusunun sobalarında təmir işlərinə başlanılmışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunda yüksək məhsuldarlığa nail olmaq, itkiyə yol verməmək, enerji resurslarından səmərəli istifadə etmək məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda zavodun texnoloji qurğularını xammalla təmin edən 21 nömrəli ED-AVQ-6 ilkin emal qurğusunun sobalarında təmir işlərinə başlanılmışdır. Ötən əsrin 70-ci illərinin istehsalı olan sobaların forsunkaları (odpüskürənlər) ötən müddət ərzində öz effektivliyini itirdiyindən yanma prosesi yaxşı getmirdi və bu səbəbdən forsunkaların dəyişdirilməsinə zərurət yaranmışdır. Problemin həlli üçün 96 ədəd yeni forsunka alınaraq sobalara quraşdırılmışdır. Aparılan təmir işləri zamanı sobaların giriş-çıxış xətləri dəyişdirilmişdir. Yeni forsunkaların quraşdırılması ilə əlaqədar sobalara verilən qaz xətlərinin girişlərində süzgəclər qoyulur ki, bu da qazların tərkibinin mexaniki qarışıqlardan təmizlənməsi ilə düzgün yanmanın intensivliyini təmin edəcəkdir. Forsunkaların təzələnməsi sobalarda yanmanı yaxşılaşdırmaqla bərabər, texnoloji rejimin sabit saxlanılmasına və qurğudan havaya atılan zərərli qazların miqdarının minimuma endirilməsinə imkan verəcəkdir.