REGİONLAR
“Heydər Əliyev kuboku” uğrunda beynəlxalq turnirin iştirakçıları Naxçıvandan xoş təəssüratlarla ayrılıblar
Naxçıvan, 7 may, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” beynəlxalq turnirində müxtəlif ölkələrin tanınmış idmançıları təmsil olunublar. AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları onlardan bir neçəsi ilə həmsöhbət olub, təəssüratlarını öyrəniblər.
Kuba təmsilçisi Pedro Luis bildirib ki, 20 ildir Ukraynada yaşayır, lakin beynəlxalq turnirdə Kubanı təmsil edir: “İlk dəfədir bu turnirdə iştirak edirəm. Lakin ötən illərdə Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər barədə məlumatım var idi. Təklifi məmnuniyyətlə qəbul etdik və diyarınıza gəldik. Çox ecazkar şəhəriniz var. Qonaqpərvərliyiniz və göstərdiyiniz səmimi münasibət insanlar arasında fərq qoyulmadığının göstəricisidir. Bu da insan amili üçün vacib məsələdir. Çox şadam ki, belə bir diyarda oldum. Naxçıvan mənim daim xatırlayacağım bir şəhərdir. Qalib gələn komandalara, idmançılara gələcək karyeralarında uğurlar arzulayıram”.
Türkiyə milli komandasının məşqçisi İbrahim Yazıcı deyib: “Naxçıvanda keçirilən turnirə Türkiyə milli komandasının 7 idmançısı ilə gəlmişik. Məqsəd idmançılarımızın yarış təcrübəsini artırmaq, naxçıvanlı qardaşlarımızla münasibətləri genişləndirmək və idmançılar arasında yaxşı münasibət qurmaqdır. Təşkilatçılıq çox möhtəşəmdir. Bizi o qədər gözəl qarşıladılar ki, özümüzü evimizdəki kimi hiss etdik. Hər şey üçün təşkilatçılara minnətdarlıq edirəm. Qarşıdakı illərdə də buraya gələcəyik”.
Əfqanıstan millisinin məşqçisi Qulam Həbib Əhmədi qeyd edib ki, turnir yüksək səviyyədə təşkil edilib. Eyni zamanda, digər ölkələr güclü heyətlə mübarizə aparırdılar. Naxçıvan karateçiləri isə öz gücləri ilə seçiliblər. “Havası təmiz, abad şəhəriniz var, özümü burada çox rahat hiss edirəm. İnsanlarınız isə istiqanlı və qonaqpərvərdir”, - deyə o bildirib.
İran komandasının rəhbəri Bəhram Mirzə Həsənpur deyib: “Artıq üçüncü dəfədir Naxçıvana gəlirəm. Hər dəfə qədim diyarda böyük inkişafın şahidi oluruq. Bu inkişafı idman sahəsində görmək mümkündür. Onu da deyim ki, ilk dəfə turnirdə 5-6 nəfərlə iştirak etdik. İndi isə 50 nəfərlik heyətlə gəlmişik. Turnirin səviyyəsinə gəlincə, çox əla təşkil olunub. 10 ölkənin bir turnirdə iştirak etməsi böyük uğurdur. Hər şey mükəmməl idi. Buna görə də çalışacağıq ki, qarşıdakı illərdə də Naxçıvanda keçiriləcək yarışlarda iştirak edək”.