ELM VƏ TƏHSİL
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsində Ulu Öndərin xilaskarlıq missiyasından bəhs edilmişdir
Naxçıvan, 6 iyun (AZƏRTAC). Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, məşğələni giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişdir.
Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərlinin “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə ölkəmizin hərtərəfli inkişafında misilsiz xidmətlər göstərmiş, üzərinə düşən xilaskarlıq missiyasını axıradək yerinə yetirmişdir. Bütün bilik və bacarığını Vətənimizin müstəqilliyinə, insanların xoşbəxt yaşamasına sərf etmiş bu dahi şəxsiyyətin ideyaları gələcəyə gedən yollarımızı nurlandırmışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunanadək ölkəmiz keçmiş SSRİ məkanında ən geridə qalmış aqrar respublikalardan biri idi. Dahi rəhbərin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, sosial-iqtisadi baxımdan güclü ölkəyə çevrilmişdir.
Vurğulanmışdır ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması istiqamətində ilkin təməllər də məhz həmin illərdə atılmışdır. Ötən əsrin sonlarında imperiyanın süqutu nəticəsində ölkəmiz müstəqilliyini əldə etsə də, dərin siyasi-iqtisadi böhran girdabına yuvarlanmış, yalnız Ulu Öndərin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın təhlükəsizliyi, hərtərəfli inkişafı təmin edilmişdir. Tarix üçün çox qısa bir dövrdə ölkə həyatının bütün sahələri əhatə edən köklü islahatlar aparılmış, nəticədə, Azərbaycan dünya ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, indi Azərbaycan istər regionda, istərsə də dünyada söz sahibinə malik ölkələrdən biridir.
Sonda tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmə baxmışlar.