CƏMİYYƏT
Heydər Əliyev Mərkəzinin muzey hissəsinin dam örtüyündə baş vermiş yanğın hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı tamamlanmışdır
Bakı, 15 mart (AZƏRTAC). Ötən il iyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin dam örtüyündə baş vermiş yanğın faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işinin istintaqı başa çatmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəllər də məlumat verildiyi kimi, cinayət işi üzrə Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə nazirliklərinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından, habelə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərindən ibarət istintaq-əməliyyat qrupu tərəfindən yanğının başvermə səbəblərinin, ona şərait yaradan halların, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına məsuliyyət daşıyan şəxslərin dairəsinin və digər xüsusatların müəyyən edilməsi məqsədi ilə çoxsaylı dindirmə, üzləşdirmə, baxış, götürmə, eksperiment aparılmış, kompleks məhkəmə yanğın-texniki, təhlükəsizlik texnikası, fiziki-kimyəvi, trasoloji, xətşünaslıq, tikinti-texniki ekspertizaları təyin edilməklə müvafiq rəylər alınmış və digər zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
İstintaqla müəyyən edilmişdir ki, “Atlas” MMC-nin mühəndisi vəzifəsində işləməklə Heydər Əliyev Mərkəzinin tikintisində konstruksiya işlərinə rəhbərlik edən Kaya Ümit Ruşen İhsan oğlu və “DİA Holdinq” şirkətinin subpodratçı “Treysan” firmasının qrup rəhbəri (iş formeni) Şimşek Vedat Halit oğlu üzərlərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi Mərkəzin muzey hissəsinin tavanında panellərin bir-birinə metal konstruksiyalı xüsusi detallarla bərkidilib tənzimlənməsi zamanı müvafiq icazə verilmədiyi, texniki-layihə sənədlərində nəzərdə tutulmadığı halda qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə dair “Treysan” firmasının qaynaqçısı Karahan Ömer Şerif Ömer oğluna qeyri-qanuni göstərişlər vermişlər. Sonuncu tərəfindən elektrik və qaz qaynağı aparatları Mərkəzin əsas binasının muzey hissəsinə bitişik olan karniz adlanan sahəyə panellərin arasına qaldırılmışdır. 2012-ci il iyulun 20-də orada qığılcımlar üçün qoruyucu örtük və lövhədən istifadə etmədən elektrik qaynaq işləri aparılarkən yaranan metal ərintilərinin karnizin altında yerləşən muzey damının aşağı zirvə nöqtəsinin konstruktiv elementlərindən biri olan su keçirməyən membranın (su maneəsi qatının) üzərinə düşməsi və həmin membranın alışması nəticəsində həmin gün saat 10:40 radələrində Mərkəzin muzey hissəsinin dam örtüyündə onun təhlükəsiz fəaliyyətinin uzun müddət pozulması, külli miqdarda maddi ziyan vurulması, ətraf mühitə mühüm zərər yetirilməsi ilə ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş vermişdir.
Kaya Ümit Ruşen İhsan oğlu, Şimşek Vedat Halit oğlu və Karahan Ömer Şerif Ömer oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmişdir.
Cinayət işi üzrə istintaq tamamlanaraq martın 15-də aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.