MƏDƏNİYYƏT
Heydər Əliyev Muzeyində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 11 noyabr (AZƏRTAC). Yasamal Rayon Heydər Əliyev Muzeyində Xətai Rayon Mədəniyyət Mərkəzinin və Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 4 nömrəli filialının təşəbbüsü ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin muzeydəki büstü önünə gül dəstələri qoymuş və ulu öndərin xatirəsini yad etmişlər.
Tədbirdə muzeyin direktoru Sədaqət Seyidzadə Azərbaycan Konstitusiyasının yaranmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli qərarına əsasən Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası yaradılmışdır. Çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənilmiş, 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsində Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.