MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayında uşaqlar üçün musiqili-əyləncəli yeni il şənliyi
Bakı, 22 dekabr, AZƏRTAC
Heydər Əliyev Sarayı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 29-da uşaqlar üçün növbəti dəfə musiqili-əyləncəli yeni il şənliyi təşkil edəcək.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni hazırlanan proqram təqdim ediləcək. Uşaqların marağına səbəb olacaq bayram şənliyində, uşaq kollektivləri yeni və maraqlı musiqili kompozisiyalar, milli və müasir rəqslərlə çıxış edəcəklər.
Şənlikdə, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlərlə yanaşı, peşəkar incəsənət ustalarının ifaları da nəzərdə tutulub. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.