Heydər Əliyev və ana dilimiz
Naxçıvan, 22 fevral (AZƏRTAC). M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Mərkəzi Kitabxanasında 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Filologiya elmləri namizədi Arif Ağalarov “Heydər Əliyev və ana dilimiz” mövzusunda məruzə etmişdir. Natiq demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dilimizin saflaşdırılması və inkişafı istiqamətində misilsiz xidmətlər göstərmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar dilimizin inkişafı, tədqiqi və təbliği sahəsində bu günədək misli görünməmiş tarixi sənəddir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti ölkə başçısı İlham Əliyev uğurla davam etdirir. Onun “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il yanvar ayında imzaladığı sərəncamla dünyanın bir sıra görkəmli klassiklərinin, həmçinin xalqımızın dünya şöhrətli yazıçılarının, elm və mədəniyyət xadimlərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə dövlət hesabına nəşrlərin həyata keçirilməsi göstərilən qayğının əyani təzahürüdür.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev, kitabxananın əməkdaşı Yeganə Rüstəmova çıxış edərək bildirmişlər ki, doğma ana dilini mükəmməl bilmək hər kəsin vətəndaşlıq borcudur. Bu gün hər bir azərbaycanlı öz ana dilinə hörmətlə yanaşmalı, onun hər kəlməsini əziz tutmalıdır. Çünki dilini sevməyən, onun varlığını qorumayan Vətənini, millətini də sevə bilməz.
Sonra kitablardan ibarət sərgiyə baxış olmuş, məktəblilər ana dilinə həsr olunmuş şeirlər səsləndirmişlər.
Həmin gün İ.Qasımov adına Mərkəzləşdirilmiş Kitabxana Sistemində, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirlər keçirilmişdir.