REGİONLAR
“Heydər Əliyev və ən yeni Azərbaycan tarixi” mövzusunda açıq dərs
Tərtər, 4 dekabr, AZƏRTAC
Azərbaycanın milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və ən yeni Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərsdə səsləndirilib. Tərtər şəhər 3 və 5 nömrəli tam orta məktəblərin şagirdləri əvvəlcə Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla, şəkil və sənədlərlə tanış olublar.
Mərkəzin direktoru Səlimə Yusubova məktəblilər qarşısında çıxış edərək, ulu öndər Heydər Əliyevin mənalı həyatı və genişmiqyaslı siyasi fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq, sürətli inkişaf yoluna qədəm qoyub.
Diqqətə çatdırılıb ki, daima tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yolunda yorulmadan fəaliyyət göstərib. İllər keçdikcə dahi rəhbər Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü böyük işlər daha dərindən dərk olunur. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində sürətlə inkişaf edir.
Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyev həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.