SİYASƏT
“Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” kitabı Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir
Bakı, 3 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin yenicə çapdan çıxmış “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir.
Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, akademik İsmayıl Hacıyevin elmi redaktoru olduğu kitabda dünya miqyaslı siyasi xadim, dövlətçilik tariximizdə mühüm mövqe tutan, cəmiyyətin bütün qüvvələrini öz arxasınca aparmağa qadir olan, inamlı xarici siyasət yürütmək bacarığına malik qüdrətli şəxsiyyət - Heydər Əliyev fenomenindən bəhs edilir.
Nəşrdə Ulu Öndərin ermənilər tərəfindən ölkəmizə qarşı yönəlmiş əsassız ərazi iddialarına, erməni separatizminə qarşı mübarizəsi, məcburən cəlb edildiyimiz Qarabağ müharibəsinin dayandırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məqsədyönlü siyasəti öz əksini tapmışdır.