Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR HÜSEYNOVUN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci ildə Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəl­sə­fənin inkişafında müstəsna rolu vardır. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirmişdir. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlamışdır.

Azərbaycan elmi-fəlsəfi fikrinin daha da inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərən akademik Heydər Hüseynovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin