REGİONLAR
Heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları müzakirə olunub
Beyləqan, 13 aprel, AZƏRTAC
Beyləqan rayonunda heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, zona müşavirəsində baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinəsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər məsələlər müzakirə olunub.
Müşavirədə Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonundan heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, baytarlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən ətraflı məlumat verib.
Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub.
Müşavirədə fermerləri və mütəxəssisləri maraqlandır suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Zona müşavirəsinin sonunda heyvanların saxlanması və yem istehsalı üzrə qabaqcıl təcrübənin nümayişi təşkil edilib.