SİYASƏT
Hikmət Babaoğlu: Bakı Bəyannaməsinin ən mühüm strateji əhəmiyyəti hər üç ölkənin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsidir

Bakı, 28 iyul, AZƏRTAC
Sürətlə dəyişən yeni dünya nizamında yeni güc mərkəzləri və yeni ittifaqlar formalaşmaqdadır. Bu isə təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılması zərurəti yaradır. Bu mənada Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cazibədar model təşkil edir. Qarşıda duran çağırışlar isə yeni reallığı davamlı etmək üçün uyğun strateji qərarlar qəbul etməkdir. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi də bu istiqamətdə atılan mühüm tarixi addım kimi səciyyələndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu ifadə edib.
Deputat qeyd edib: “Əslində, bir qədər geriyə qayıtsaq görərik ki, yeni reallıq həm də məhz bu üç dost və qardaş ölkənin birgə səyləri nəticəsində yaranıb. O zaman bu səylərin davam etdirilməsinin bundan sonra da kifayət qədər aktual olacağını söyləyə bilərik. Nəzərə almaq lazımdır ki, söhbət hər üç qardaş ölkənin vahid təhlükəsizlik kəmərinin yaradılmasından gedir. Buraya isə həm iqtisadi və kommunikasiya təhlükəsizliyi, həm də hərbi-siyasi təhlükəsizlik məsələləri daxildir. Ancaq Bakı Bəyannaməsi hər nə qədər üçtərəfli sənəd kimi ortaya çıxsa da, onun yaradacağı əməkdaşlıq və tərəfdaşlıq imkanları bütün qonşu ölkələr üçün də əlverişli şərtlər yarada bilər”.
H.Babaoğlu vurğulayıb ki, Bakı Bəyannaməsinin ən mühüm strateji əhəmiyyəti hər üç ölkənin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsidir. “Hazırda Mərkəzi Asiyada, bir az da dəqiq desək, Əfqanıstan ətrafında geosiyasi vakuum formalaşmaqdadır. Təcavüzkar kənar müdaxilələr burada yeni “Yaxın Şərq” yarada bilər ki, bu da başda qardaş Türkiyə və Pakistan olmaqla, region ölkələri üçün yeni təhlükəsizlik təhdidləri deməkdir. Eyni zamanda, hazırda Cənubi Qafqazda uzunmüddətli sülh üçün Azərbaycan tarixi fürsət yaradıb, Zəngəzur dəhlizinin açılması ilə biz regional inteqrasiyanın və əməkdaşlığın inkişafının şahidi ola bilərik. Bu isə yeni hüquqi-siyasi əsaslar tələb edəcək”, - deyə o bildirib.
Deputat qeyd edib ki, parlamentlərin yeni qanunvericilik bazası yaratması aktuallaşacaq. Bütün bunlarla bərabər, parlament diplomatiyası, həm də beynəlxalq platformalarda üç ölkənin sinxron hərəkəti üçün koordinasiyalı fəaliyyəti mümkün edəcək. Bakı Bəyannaməsi bütün bunlar üçün yaxşı əsaslar formalaşdıracaq.