DÜNYA
“Hindistan-Mərkəzi Asiya” onlayn Zirvə görüşü keçirilib
Daşkənd, 28 yanvar, АZƏRTAC
Hindistanın Baş naziri Narendra Modinin təşəbbüsü ilə “Hindistan-Mərkəzi Asiya” onlayn Zirvə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Hindistanla Mərkəzi Asiya dövlətləri arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə keçirilən görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın prezidentləri iştirak ediblər.
“Hindistan-Mərkəzi Asiya” Zirvə görüşündə Hindistanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə hazırkı çətin beynəlxalq vəziyyət, regionda təhlükəsizliyin qorunması, həmçinin terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə məsələləri diqqət mərkəzində olub.
Tədbirdə bu ölkələr arasında ticarət-iqtisadi, sənaye kooperasiyası, innovasiya və rəqəmsal iqtisadiyyat, nəqliyyat, logistika, mədəni-humanitar, təhsil, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə Dair Müşavirə çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Sonda Birgə Bəyannamə qəbul olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd