MƏDƏNİYYƏT
Hindistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcəkdir
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 2011-ci il 23 dekabr tarixli Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin və Hindistanın İ.Qandi adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 29-dan dekabrın 1-dək Nyu Dehli şəhərində Nizami Gəncəviyə həsr edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev, mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, ümumi şöbənin müdiri Əli Rəsulov, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Siracəddin Hacı, yazıçı-tərcüməçi Kamran Nəzirli, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının xarici əlaqələr şöbəsinin müdiri Xəyalə İsmayılova, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin baş elmi işçisi Rəma Zeynalova, xalq artistləri Mələkxanım Eyyubova, Azər Zeynalov, Möhlət Müslümov, Fəxrəddin Dadaşov və KİV əməkdaşlarından ibarət nümayəndə heyəti Hindistana ezam olunmuşdur.