DÜNYA
HİNDİSTANDA DAŞQINLAR NƏTİCƏSİNDƏ 46 NƏFƏR HƏYATINI İTİRMİŞDİR
Bakı, 17 iyun (AZƏRTAC). Hindistanın cənub-qərbində iyunun 16-17-də aramsız və güclü yağışlar nəticəsində əmələ gələn daşqınlar ən azı 46 adamın həyatına son qoymuşdur. İtkin düşənlərin sayı 20-ni keçmişdir.
Maharaştra ştatı təbii fəlakətin əsas zərbəsinə məruz qalmışdır. Ştatın inzibati mərkəzi Mumbainin küçələrini su basmış, ağaclar aşmış, elektrik xətləri qırılmışdır. Maliyyə meqapolisinin rayonlarının birində çoxmərtəbəli binanın divarı uçmuş, 8 nəfər həlak olmuşdur.
Ştatda daşqınlar nəqliyyatın hərəkətini demək olar ki, iflic vəziyyətinə salmışdır. Onlarla aviareys təxirə salınmışdır. Qatarların hərəkətində böyük gecikmələr yaranmışdır. Mindən çox yaşayış binası dağılmışdır.
Sinoptiklər qeyri-sabit hava şəraitinin ən azı 3 gün davam edəcəyini bildirmişlər.