REGİONLAR
Hindistanın ölkəmizdəki səfiri Qubada yoqa məşğələlərinə qatılıb
Quba, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
21 İyun - Beynəlxalq Yoqa Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu və Hindistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Qubada yoqa məşğələləri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında keçirilən məşğələlərdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanalvavan, filialın direktoru Yusif Alıyev, həmçinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbirin əvvəlində rayon icra hakimiyyəti başçısının müavini Səidə Abasova hindistanlı nümayəndə heyətinə Qubanın son illər keçdiyi inkişaf yolundan, buradakı tolerantlıq mühitindən söz açıb, yoqa təlimlərinin önəmindən danışıb.
ADPU-nun Quba filialının direktoru Yusif Alıyev qonaqlara ümummilli lider Heydər Əliyevin xarici siyasəti, Azərbaycan və Hindistan arasındakı ikitərəfli əlaqələr haqqında məlumat verib.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanalvavan öz növbəsində Qubada mehriban qarşılanmadan, ümumilikdə Azərbaycanla Hindistan arasındakı isti münasibətlərdən danışıb, Beynəlxalq Yoqa Gününün mahiyyətini diqqətə çatdırıb.
Sonra filialın idman meydançasında 100 nəfərin iştirakı ilə yoqa məşğələlərinə start verilib. Məşğələni peşəkar yoqa müəllimi Kənan Məmmədov aparıb.
Üç hissədən ibarət olan yoqa sessiyasından sonra iştirakçılar Hindistan mətbəxi əsasında hazırlanmış təamları dadıblar.