SİYASƏT
“i24 news” televiziya kanalında Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş proqram yayımlanıb VİDEO
Bakı, 11 oktyabr, AZƏRTAC
İsrailin ərəbdilli “i24 news” televiziya kanalının “Həftə ərzində” proqramının oktyabrın 7-də yayımlanmış növbəti buraxılışı Azərbaycan-İsrail əlaqələrinə həsr olunub.
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyindən AZƏRTAC-a bildiriblər ki, proqramda Azərbaycan-İsrail yüksəksəviyyəli əməkdaşlıq əlaqələrindən bəhs olunub, Sovet İttifaqının dağılması ilə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi vurğulanıb. Proqramda İsrailin neftə olan tələbatının təqribən yarısını Azərbaycandan tədarük etdiyi, həmçinin Azərbaycana əsas silah ixrac edən ölkələrdən birinin İsrail olduğu bildirilib.
Daha sonra proqramın aparıcısı Azərbaycanın BƏƏ-dəki səfiri Mahir Əliyevlə efir vasitəsilə birbaşa əlaqə yaradaraq, ikitərəfli əlaqələrə dair suallar verib. Səfir iki ölkə arasında əlaqələrin Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanmasından sonra qurulduğunu, lakin Azərbaycan və yəhudi xalqları arasında əlaqələrinin uzun əsrlərə söykəndiyini, yəhudilərin Azərbaycanda qədim dövrdən məskunlaşdıqlarını və azərbaycanlılarla həmişə dostluq və anlaşma şəraitində yaşadıqlarını vurğulayıb. Səfir Sovet İttifaqının dağılması ilə İsrailə köç edən Azərbaycan yəhudilərinin hazırda iki ölkə arasında münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirib.
Səfir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil xarici siyasət yürütdüyünü və dostlarını digərlərinin tövsiyəsi ilə deyil, öz rəyi əsasında seçdiyini diqqətə çatdırıb. Ölkəmizlə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən hərbi, sənaye, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə möhkəm əlaqələrin olduğunu qeyd edən səfir qarşılıqlı əməkdaşlığın daim inkişaf etdiyini bildirərək, hərbi sahədə əlaqələrin ölkəmiz üçün əhəmiyyətini xüsusi vurğulayıb.