ELM VƏ TƏHSİL
“I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” kitabının təqdimatı olub
Bakı, 31 yanvar, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) bu müəssisə və “Rəsulzadə ev-muzeyi” İctimai Qrupunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138-ci ildönümü münasibətilə keçirilən tədbirdə “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” kitabının təqdimatı olub.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Təqdim olunan kitab tarix elmləri doktoru, professor Solmaz Rüstəmova–Tohidinin redaktorluğu ilə hazırlanıb və “Rəsulzadə ev-muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilib.
Nəşr Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin irsinin xarici ölkələrdən Azərbaycana gətirilməsi, tanıdılması və tədqiqində mühüm xidmətləri olmuş mərhum diplomat və ictimai xadim Ramiz Abutalıbovun xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən muzeyin baş direktoru akademik Nailə Vəlixanlı Azərbaycan Xalq Cümhuriyyəti tarixindən, Cümhuriyyətin yaranmasında Məhəmməd Əmin Rəsulzadənin rolundan, onun geniş ictimai-siyasi fəaliyyətindən danışıb.
Akademik N.Vəlixanlı “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” kitabı ilə bağlı fikirlərini bildirib, M.Ə.Rəsulzadə irsinin dərindən tədqiq olunmasının əhəmiyyətini vurğulayıb.
Solmaz Rüstəmova–Tohidi isə bildirib ki, nəşrdə “Beynəlxalq Rəsulzadə Qiraətləri. M.Ə.Rəsulzadə irsi, demokratiya, müstəqillik və dövlətçilik dəyərləri sistemində” adı altında iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanıb. 11 ölkədən 40 alim və tədqiqatçının 4 dildə elmi və publisistik məqalələrindən, eləcə də sənəd təqdimatı - araşdırmalarından ibarət olan kitabın 5 bölümündə M.Ə.Rəsulzadənin ictimai, siyasi və dövlət xadimi kimi fəaliyyəti, milli modern dövlət quruculuğu konsepsiyası, azərbaycançılıq ideologiyası, demokratiya, azad cəmiyyət, vətəndaşlıq, insan haqları anlayışları, Qafqaz birliyi, türk birliyi və digər məsələlərə dair ideoloji, siyasi, ictimai, dini baxışları, İran, Türkiyə, Ukrayna və Avropa ölkələrində siyasi-ictimai hadisələrə münasibəti araşdırılır, Azərbaycan dili, ədəbiyyatına dair fikirləri, Nizami Gəncəvi haqqında əsəri, mədəni irs, millət, dövlət və mədəniyyət anlayışlarına kulturoloji baxışları tədqiq olunur.
Kitabda, həmçinin Rəsulzadənin şəxsiyyətinin, həyat yolunun, ailə münasibətlərinin və yaradıcılığının müasir dövr Azərbaycan cəmiyyəti üçün bir dəyər olaraq qiymətləndirilməsinə dair elmi-publisistik məqalələr, müxtəlif dövrlərdə həyatı və siyasi fəaliyyətinə aid az məlum olan, yaxud yeni aşkar edilmiş sənədlərin surətləri tədqiqatçıların şərhləri və ayrıca mətnləri ilə birlikdə təqdim olunur, M.Ə.Rəsulzadənin mühacirət dövrü Türkiyə və Almaniyada nəşr etdirdiyi kitab və jurnalların orijinal nüsxələrinin fotoları nümayiş etdirilir.
Kitab XX əsr Azərbaycan tarixinin və M.Ə.Rəsulzadə irsinin tarixi, siyasi, fəlsəfi, hüquqi, eləcə də dil, ədəbiyyat, mədəniyyət, publisistika baxımından öyrənilməsinə və araşdırılmasına maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva M.Ə.Rəsulzadənin irsindən bəhs edib, təqdim olunan kitabın tariximiz üçün dəyərli mənbə olduğunu deyib.
Diplomat, ədəbiyyatşünas alim Vilayət Quliyev Rəsulzadənin irsinin xarici ölkədə tədqiqi, onunla bağlı məqalələr barədə danışıb, Rəsulzadə irsinin araşdırılması ilə bağlı aparılan tədqiqatlar barədə fikirlərini bölüşüb.
Tarix Muzeyinin icraçı direktoru dosent Fərhad Cabbarov, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcov və digər çıxış edənlər də Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətindən, ideyalarından danışıb, təqdim olunan kitabın əhəmiyyətini vurğulayıblar.