DÜNYA
IAG keçmiş Avstriya aviaşirkətini öz donanmasına daxil edib
Vyana, 31 dekabr, AZƏRTAC
Vaxtilə Avstriyada təsis edilmiş və tərkibində olduğu “Air Berlin” şirkəti iflasa uğradıqdan sonra satışa çıxarılan “Niki” aviaşirkətinin yeni sahibkarının adı məlum olub. Bir neçə həftə davam edən danışıqlardan sonra “International Airlines Group“ (IAG) bu aviaşirkəti 36,5 milyon avroya aldığını elan edib.
Tərkibində “British Airways” və “Iberia” kimi nəhəng aviaşirkətlərin yer aldığı IAG konserni nəzərdə tutulan alış qiymətinin bir hissəsini (20 milyon avro) “Niki”nin kreditorların bağlanması üçün, digər hissəsini isə (16,5 milyon avro) maliyyə dəstəyi olaraq aviaşirkətin fəaliyyətinin yenidən təşkili üçün ödəyəcək.
On beş təyyarədən ibarət donanmaya malik “Niki” yeni sahibinə Vyana, Düsseldorf, Münxen, Palma de Malyorka və Sürix kimi mühüm limanlarda dayanacaq hüququ gətirəcək. Lou-koster seqmentinə aid “Vueling” aviaşirkətini gücləndirməli olan “Niki”nin təxminən min nəfərlik heyətinin dörddəüçü öz iş yerində qalacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana