ELM VƏ TƏHSİL
ICESCO Misirdə müəllimlərin beynəlxalq sertifikatlaşması layihəsini həyata keçirəcək
Qahirə, 31 avqust, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Misirdə müəllimlər üçün Beynəlxalq Peşə Təhsili Sertifikatlaşması layihəsini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, Qahirədə keçirilən mərasimdə anlaşma memorandumunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Salih Kamil Humanitar Fondunun rəhbəri Abdulla Salih Kamil və Misirin ali təhsil naziri Məhəmməd Ayman Aşur imzalayıblar.
Mərasimdən sonra çıxış edən ICESCO-nun Baş direktoru bildirib ki, layihə misirli müəllimlərin treninqlərə cəlb olunması və ixtisasın artırılmasına dair müvafiq beynəlxalq sertifikatın verilməsini, həmçinin təhsil işçilərinin hüquqlarının müdafiəsini nəzərdə tutur. Layihəni maliyyələşdirən Səudiyyə Ərəbistanının Kral Səud Universiteti və Misirin Salih Kamil Fonduna təşəkkürünü bildirən Salim Əl-Malik ümidvar olduğunu bildirib ki, ICESCO-ya üzv olan digər ölkələrdə də analoji proqramlar həyata keçiriləcək. O əlavə edib ki, təşkilat İslam ölkələrində 100 minə yaxın müəllimin bu cür layihələr çərçivəsində treninqlərə cəlb olunmasını nəzərdə tutur.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə