MƏDƏNİYYƏT
“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi ötən ilin yekunları ilə bağlı tədbir keçirmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi 2012-ci ilin yekunları ilə bağlı tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl kütləvi informasiya vasitələrinin nümayəndələrinə ötən il reallaşdırılmış layihələr əyani şəkildə göstərilmiş və görülmüş işlər barədə ətraflı məlumat verilmişdir.
Elektromobillə gəzinti zamanı media nümayəndələri 2012-ci ildə bərpa edilmiş Ağa Mikayıl hamamında, Qız qalasında, ikimərtəbəli karvansarayda, həmçinin Kiçik Qala küçəsi 1-13 ünvanlarda yerləşən Qala divarlarının bir hissəsində aparılan bərpa işləri ilə tanış olmuşlar. Onlar “Şirvanşahlar Sarayı Kompleksi”ndə İngiltərənin “Sectorlight” şirkəti tərəfindən hazırlanmış İçərişəhərin mövcud maketinə baxmış, eyni zamanda, İşərişəhər Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyətini yaxından izləmişlər.
Bildirilmişdir ki, qoruq idarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə layihəsi əsasında fəaliyyət göstərən mərkəzdə hazırda 20 istedadlı tələbə təhsil alır. Onlara İngiltərədən gəlmiş mütəxəssislər tərəfindən rəssamlığın sirləri öyrədilir.
Sonra “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin ötən ilin yekunları ilə bağlı iclası keçirilmiş və görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İdarənin rəisi Mikayıl Cabbarov bildirmişdir ki, qurumun ötən ilki fəaliyyəti İçərişəhər və Qala qoruqlarının beynəlxalq standartla uyğun qorunması istiqaməti üzrə aparılmışdır. Görülən təbirlər qoruqların tarixi irsimizin təbliği mərkəzinə çevrilməsinə, dayanıqlı sosial-iqtisadi inkişafına xidmət etmişdir.
Bildirilmişdir ki, son üç ildə İçərişəhər ərazisində təkcə qeyri-dövlət sektorunda 704 iş yeri açılmış, infrastruktur və kommunal təminat səviyyəsi xeyli yaxşılaşmış, yüksək həyat standartlarının tətbiqinə başlanılmışdır.
Ötən il keçirilmiş tədbirlərdən söz açan idarə rəisi demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qız qalası” üçüncü Beynəlxalq İncəsənət Festivalı keçirilmişdir. Qız qalasının dünyaya tanıdılması məqsədilə keçirilmiş festivala 24 ölkədən 30-dan çox tanınmış rəssam qatılmışdır.
Turistlərin İçərişəhərə cəlb olunması və onlara beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsi məsələləri də idarənin diqqət mərkəzində olmuş və bununla əlaqədar lazımi tədbirlər həyata keçirilmişdir. Görülmüş işlər nəticəsində İçərişəhərdə yerləşən idarənin tabeliyindəki muzeylərə gələn ziyarətçilərin sayı ötən il 187 min 229 nəfərə çatmışdır.
Mikayıl Cabbarov vurğulamışdır ki, son hədəf - İçərişəhərin qədim mədəniyyətə malik və dinamik inkişaf edən Azərbaycanın “vizit kartı”, beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda, canlı tarixin obyekti olmasıdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi istiqamətində fəaliyyətimizi daha da təkmilləşdirməyə çalışacağıq.