MƏDƏNİYYƏT
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsulları sərgilənəcək
Bakı, 29 yanvar, AZƏRTAC
Fevralın 3-də “Azerbaijan Best Awards” tədbiri çərçivəsində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi “Dastan” brendi məhsullarının sərgisini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın tarixini, zəngin mədəni irsini və dekorativ tətbiqi sənət sahələrinin qədim prinsiplərini özündə əks etdirən beş növdə - keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq sahələrinə aid olan sənətkarlıq məhsulları nümayiş olunacaq.
“Dastan” brendinin ixtisaslaşmış dizayner və sənətkarları Ənənəvi İncəsənət Mərkəzində ənənəvi texnika və metodlara əsaslanaraq müxtəlif əl işi olan məhsullar hazırlayır və hər il bu məhsullar müxtəlif yerli və beynəlxalq sərgilərdə, ticarət yarmarkalarında təqdim edilir.