MƏDƏNİYYƏT
İçərişəhərdə Beynəlxalq Muzeylər Günü qeyd edilir
Bakı, 17 may (AZƏRTAC). İçərişəhərdə Beynəlxalq Muzeylər Günü qeyd edilir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi yeni muzey ekspozisiyaları ilk dəfə olaraq mayın 17-də - “Avropa Muzeylər Gecəsi”ndə “Açıq qapı” formatında işləmişdir. Ziyarətçilər hər iki abidənin ərazisinə ödənişsiz daxil olaraq yeni muzey ekspozisiyaları ilə tanış ola bilmişlər.
Mayın 18-də də gün ərzində Beynəlxalq Muzeylər Gününə həsr edilmiş tədbirlər davam edəcəkdir. Həmin gün Şirvanşahlar Sarayı Kompleksinə təşrif buyuracaq ziyarətçilər İçərişəhərin muzey əməkdaşlarının əl işlərindən ibarət “İçərişəhər muzeylərinin vəhdəti” adlı sərgi ilə tanış ola biləcəklər.
Əlamətdar gün münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü elan edilir.
Mayın 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində fəaliyyət göstərən muzey ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.