CƏMİYYƏT
İçliyi Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı dayandırılacaqdır
Bakı, 9 aprel (AZƏRTAC). İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalına iyunun 1-dən icazə verilməyəcəkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda bu barədə xəbərdarlıq edilmişdir.
Mərkəzin direktoru Əbülfəz Abdullazadə demişdir ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir.
İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə.Abdullazadə bildirmişdir ki, bu problem 2012-ci ildə öz həllini tapmalıdır.