ELM VƏ TƏHSİL
İclasda mühüm məsələlər müzakirə olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şuralarının birgə iclası keçirilib.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ədəbiyyat İnstitutunun foyesində hər iki elmi müəssisəsinin nəşrlərindən ibarət sərgi təşkil olunub.
Sonra akademiyanın həqiqi və müxbir üzvlərinin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş etdirilib.
İclasın həmsədrləri- AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli hər iki elmi müəssisənin fəaliyyətinin əlaqələndirilməsinin ədəbiyyatşünaslıq və ədəbiyyat tariximizin inkişafı üçün faydalı olduğunu vurğulayıblar.
Sonra Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovun “Əlyazmalar İnstitutunun Azərbaycan ədəbiyyatı tarixinə dair nəşrləri barədə (müstəqillik dövrü)” mövzusunda məruzəsi dinlənilib. Elmi şuranın qərarına əsasən məruzənin “Akademiyanın xəbərləri” jurnalının növbəti nömrəsində dərc edilməsi məqsədəmüvafiq sayılıb.
İclasda elmi əlaqələrin möhkəmləndirilməsi üçün hər iki institut arasında kitab mübadiləsi aparılıb, bu işin intensivliyini təşkil etmək qərara alınıb. Gələcəkdə birgə elmi işlərin - monoqrafiya, məqalə və s. hazırlanması, doktorant və dissertantların, elmi işçilərin əlaqələrinin möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparmağın zəruriliyi vurğulanıb.