MƏDƏNİYYƏT
“İDDİALI QARAÇI” MÜSİQİLİ KOMEDİYA TEATRININ SƏHNƏSİNDƏ
Bakı, 25 yanvar (AZƏRTAC). Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 100 illik yubileyi ərəfəsində daha bir əsərə səhnə həyatı verəcəkdir.
Teatrın mətbuat xidmətindən bildirmişlər ki, Mədəniyyət və Turizim Nazirliyinin sifarişi ilə səhnələşdirilən bu yeni tamaşa İmre Kalmanın məşhur “İddialı qaraçı” əsəridir. Əsər on il bundan öncə teatrın rus bölməsi tərəfindən tamaşaçılara təqdim olunmuşdu. Yaradıcı kollektiv 1939-cu ildə müəllifin “Sirk kraliçası” və “Silva” əsərlərinə də müraciət etmişdi.
Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, dirijoru Nazim Hacıəlibəyov, səhnə tərtibatı əməkdar rəssam İsmayıl Məmmədovundur.
Əsas rolları xalq artisti Elxan Əhədzadə, aktyorlar Ələkbər Əliyev, Ramil Qasımov, aktrisalar Ülviyyə Əliyeva, Gültac Həsənova və başqaları oynayacaqlar. Yaxın vaxtlarda teatrsevərlər “İddialı qaraçı”ya tamaşa edə biləcəklər.
Teatrın kollektivi yubiley ərəfəsində Rusiyanın bir sıra şəhərlərinə qastrol səfərləri edəcəkdir. Səfər zamanı milli musiqili komediyalarla yanaşı, dünya klassikasının ən sevilən əsərləri, eləcə də “İddialı qaraçı” tamaşası da nümayiş etdiriləcəkdir.