Azərbaycan Dövlət İnformasiya Agentliyi

II FƏSİL
SIĞORTAÇININ FƏALİYYƏTİNİN ƏSASLARI

Maddə 7. Sığortaçının hüquqi statusu

7.1. Azərbaycan Respublikasının ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.

7.2. Sığortaçı Azərbaycan Respublikasının ərazisində hər hansı sığorta növünü aparmaq üçün sığorta nəzarəti orqanından müvafiq icazə almalıdır.

7.3. Azərbaycan Respublikasının ərazisində təkrarsığorta fəaliyyətinin müstəsna fəaliyyət növü kimi həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada lisenziya alınmalıdır.

7.4. Bu Qanunun 7.1-7.3-cü maddələrinə əməl etməyən şəxslər müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7.5. Sığortaçı öz fəaliyyətini bu Qanuna, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına və öz nizamnaməsinə uyğun olaraq həyata keçirən, ictimai əhəmiyyətli qurum olan kommersiya təşkilatıdır.

7.6. Sığortaçı kommersiya təşkilatı olan hüquqi şəxs olmaqla yalnız açıq səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında fəaliyyət göstərə bilər.

Maddə 8. Sığortaçının qiymətli kağızları

8.1. Sığortaçının qiymətli kağızları, o cümlədən səhmləri yalnız adlı qiymətli kağız kateqoriyasında olmalıdır.

8.2. Sığortaçının nizamnamə kapitalını təşkil edən səhmlər yalnız adi səhm formasında olmalıdır.

Maddə 9. Sığortaçının adı

9.1. Sığortaçının adı Azərbaycan dilində müəyyən olunmalıdır.

9.2. Sığortaçının adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

9.3. Sığortaçı adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.

9.4. Sığortaçının tam adında «sığorta» sözünün olması məcburidir.

9.5. Müstəsna olaraq həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçının tam adında “həyat” sözünün olması məcburidir.

9.6. Təkrarsığortaçının tam adında «təkrarsığorta» sözünün olması məcburidir.

9.7. Sığortaçının adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», «respublika» sözlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

9.8. Sığortaçının öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığortaçıların, habelə xarici sığortaçıların adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

9.9. Öz adında səhmlərinin əlli faiz və ya daha çox hissəsinə malik olan xarici səhmdarının adından istifadə edən sığortaçıya bu Qanunun 9.1-ci və 9.8-ci maddələrinin tələbləri şamil olunmur.

9.10. Sığortaçı adında edilən dəyişikliklə bağlı müvafiq sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün səlahiyyətli orqana təqdim etməzdən əvvəl həmin dəyişikliyi sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır.

Maddə 10. Sığorta və təkrarsığorta fəaliyyəti

10.1. Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

10.2. Təkrarsığorta fəaliyyəti sığortaçı tərəfindən digər sığortaçılardan sığorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə və ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

10.3. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin sığortalanması yalnız yerli sığortaçılar tərəfindən həyata keçirilir.

10.4. Sığortalılar sığortaçıları seçməkdə sərbəstdirlər.

10.5. Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafelərinin yerli sığortaçılarda sığortalanmasında və ya təkrarsığortalanmasında yalnız yerli sığorta brokerlərinin vasitəçiliyindən istifadə olunmalıdır.

10.6. Sığortaçılar Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə bağlı əmlak mənafeləri üzrə riskləri yerli sığortaçılarda və ya bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sığortaçılarda təkrarsığortalaya bilərlər. Belə təkrarsığorta birbaşa, yerli sığorta brokerləri və ya bu Qanunun tələblərinə cavab verən, həmçinin bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş xarici sığorta brokerləri vasitəsilə həyata keçirilə bilər.

10.7. Sığortaçıların Azərbaycan Respublikasından xaricdə filial və nümayəndəlikləri yalnız sığorta nəzarəti orqanının razılığı ilə açıla bilər.

10.8. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə sərəncam verə bilməzlər.

10.9. Sığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlər sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən həyata keçirildikdə də, bu fəaliyyət sığorta xidmətlərinin tərkib hissəsi hesab edilir.

10.10. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığortaçılar və ya sığorta brokerləri tərəfindən xidmət göstərmək üçün cəlb oluna bilərlər.

Maddə 11. Sığortaçının fəaliyyət istiqamətləri

11.1. Sığorta və təkrarsığorta fəaliyyəti sığortaçının, müstəsna olaraq təkrarsığorta fəaliyyəti isə təkrarsığortaçının həyata keçirdiyi əsas fəaliyyət növüdür.

11.2. Sığortaçı əsas fəaliyyətindən başqa, lisenziya alınması tələb olunmayan aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

11.2.1. mütəxəssislərin ixtisasının artırılması məqsədi ilə sığorta bazarının peşəkar iştirakçıları üçün təlimin təşkili və keçirilməsi;

11.2.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

11.2.3. informasiya texnologiyaları əsasında sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;

11.2.4. sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətlərinin göstərilməsi;

11.2.5. müştərilərinin sənədlərinin hüquqi ekspertizasının, habelə zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertizanın keçirilməsi;

11.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardımın göstərilməsi.

11.3. Təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.

11.4. Hər hansı bir sığorta növünü həyata keçirməyə icazəsi olan sığortaçı həmin sığorta növünün əhatə etdiyi sığorta sinifləri üzrə təkrarsığorta fəaliyyətini həyata keçirə bilər.

11.5. Sığorta müqaviləsi üzrə sığortaçı sığorta etdiyi riskləri təkrarsığorta etdirdikdə təkrarsığorta müqaviləsi üzrə təkrarsığortalı hesab olunur.

11.6. Təkrarsığortanın təşkili üçün sığortaçılar birgə fəaliyyət müqaviləsi əsasında təkrarsığorta daxılları təsis edə bilərlər.

Maddə 12. İnhisarın qadağan olunması

12.1. Sığortaçıların və sığorta brokerlərinin sığorta xidmətlərinin inhisara alınmasına və sığorta bazarında rəqabətin məhdudlaşdırılmasına yönələn sazişlər bağlaması, həmçinin bunlara səbəb ola bilən əməliyyatlar aparması qadağandır.

12.2. Sığorta bazarında inhisara qarşı müəyyən edilən qaydaların yerinə yetirilməsinə və tədbirlərin həyata keçirilməsinə nəzarət müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

12.3. Dövlət orqanlarının, onların struktur bölmələrinin, tabeliyində olan təşkilatların, yerlərdə olan bölmələrinin inzibati binalarında və ərazilərində sığortaçıların filial və nümayəndəliklərinin, habelə sığorta vasitəçilərinin fəaliyyət göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağandır.

Maddə 13. Çirkli pulların yuyulmasının və terrorçuluğun

maliyyələşdirilməsinin qarşısının alınması

13.1. Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə sığortaçı qanunvericiliklə müəyyən olunmuş məbləğə bərabər və ya ondan yuxarı məbləğdə sığorta əməliyyatlarını həyata keçirərkən qarşı tərəfin, o cümlədən müştərilərinin, həmçinin sığorta haqqını ödəyən və ya sığorta ödənişini alan şəxsin kimliyinin müəyyən edilməsi üçün onlardan aşağıdakı sənədləri tələb etməlidir:

13.1.1. hüquqi şəxslərdən - dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti, həmçinin olduğu yer haqqında məlumat;

13.1.2. fiziki şəxslərdən - şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti, yaşayış yeri və iş yeri, işəgötürəninin adı və fəaliyyət növü haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, həmçinin müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti.

13.2. Çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə monitorinqi aparılan sığorta əməliyyatlarının siyahısı sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 14. Həyat və qeyri-həyat sığortası, onlara aid olan

sığorta sinifləri

14.1. Sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası (ümumi sığorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.

14.2. Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:

14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;

14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;

14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;

14.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədi ilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin sığortası;

14.2.5. sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.

14.3. Qeyri-həyat sığortası (ümumi sığorta) özündə aşağıdakı sığorta siniflərini birləşdirir:

14.3.1. sığorta obyektinə görə şəxsi sığortaya aid olan siniflər:

14.3.1.1. sığorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi hallarla, yaxud peşəsi ilə bağlı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud sağlamlığına başqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləğdə, həmçinin sığorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza və xəstəlik sığortası;

14.3.1.2. tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta;

14.3.1.3. bu Qanunun 14.3.1.1-ci və 14.3.1.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə şəxsi sığortaya aid olan digər siniflər.

14.3.2. Sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası üzrə aşağıdakı siniflər:

14.3.2.1. Bu Qanunun 14.3.2.2 - 14.3.2.5-ci maddələrində sadalanmış əmlak istisna olmaqla, digər əmlakın, onun ərazisində və (və ya) içərisində yerləşən başqa əmlakla birlikdə, yaxud ayrılıqda yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan əmlakın yanğından və digər risklərdən sığortası;

14.3.2.2. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;

14.3.2.3. dəmiryol nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələrinin sığortası;

14.3.2.4. hava nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələrinin sığortası;

14.3.2.5. su nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələrinin sığortası;

14.3.2.6. daşıma üsulundan asılı olmayaraq yükün zədələnməsi, korlanması, məhv olması, yaxud hər hansı formada itkisi nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yüklərin (nəqliyyat) sığortası;

14.3.2.7. bu Qanunun 14.3.2.1-14.3.2.6-cı maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan əmlakın sığortası ilə bağlı digər siniflər.

14.3.3. Sığorta obyektinə görə əmlak sığortasına aid olan mülki məsuliyyətin sığortası üzrə aşağıdakı siniflər:

14.3.3.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtomobil nəqliyyatı vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

14.3.3.2. sığortalıya məxsus dəmiryol nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

14.3.3.3. sığortalıya məxsus hava nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

14.3.3.4. sığortalıya məxsus su nəqliyyatı vasitəsindən istifadə olunarkən üçüncü şəxslərə vurulan zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası;

14.3.3.5. sığortalının yükdaşıyan qismində nəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan yük daşıyanın mülki məsuliyyətinin sığortası;

14.3.3.6. sığortalı müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətini sığorta etdirdiyi hallarda müvafiq sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası;

14.3.3.7. lazımi ixtisas keyfiyyətlərinə malik olan müxtəlif peşə sahiblərinin peşəkar fəaliyyətləri zamanı etdiyi səhv və ya yol verdiyi ehtiyatsızlıq, yaxud diqqətsizlik üzündən xidmət göstərdiyi üçüncü şəxslərə dəyən zərər üzrə öhdəlikləri ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan peşə məsuliyyətinin sığortası;

14.3.3.8. işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət, yaranan xəstəliyi, yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə bağlı olan xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikləri üzrə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işəgötürənin məsuliyyət sığortası;

14.3.3.9. bu Qanunun 14.3.3.1-14.3.3.8-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki məsuliyyətin sığortası.

14.3.4. Sığorta obyektinə görə əmlak sığortasına aid olan kredit sığortası üzrə aşağıdakı siniflər:

14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmiş şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan kreditlərin sığortası;

14.3.4.2. ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sığortası;

14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sığorta obyektinə görə əmlak sığortasına aid olan kreditlərin sığortası üzrə digər siniflər.

14.3.5. Sığorta obyektinə görə əmlak sığortasına aid olan qarışıq maliyyə risklərinin sığortası üzrə aşağıdakı siniflər:

14.3.5.1. əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə ilə əlaqədar sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan bazar dəyərinin düşməsi riskindən sığorta;

14.3.5.2. sığortalının kommersiya fəaliyyətində sığorta hadisəsi nəticəsində baş verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərlə bağlı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan işin dayanması ilə bağlı risklərdən sığorta.

Maddə 15. Sığorta siniflərinə dair tələblər

15.1. Bu Qanunun 14.2.2-ci və 14.2.3-cü maddələrində nəzərdə tutulmuş sığorta sinifləri həyatın yığım sığortasına aiddir.

15.2. Bu Qanunun 14.3.2-ci maddəsində göstərilmiş hər hansı sığorta sinfi üzrə sığortaçının zərərliliyi sığorta nəzarəti orqanının müəyyən etdiyi həddən artıq olduqda o, həmin sinfə aid bir ildən çox müddəti əhatə edən sığorta müqavilələri bağlaya bilməz. Zərərlilik dərəcəsinin müəyyən olunması qaydası sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Bu Qanunun 14.3.3.1-14.3.3.5-ci və 14.3.3.9-cu maddələrinə əsasən mülki məsuliyyətin sığortasında həm sığortalının özünün, həm də üzərinə bu cür öhdəlik qoyula bilən digər şəxsin məsuliyyəti sığortalana bilər. Mülki məsuliyyəti bu cür sığortalanan digər şəxsin (şəxslərin) adı və ya kateqoriyası sığorta müqaviləsində göstərilməlidir. Digər şəxsin (şəxslərin) mülki məsuliyyətinin sığortalanması müqavilədə qeyd edilmədiyi halda yalnız sığortalının özünün mülki məsuliyyəti sığortalanmış hesab edilir.

Maddə 16. Sığorta növü

16.1. Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.

16.2. Yalnız sığorta nəzarəti orqanından icazə aldıqdan sonra sığortaçı müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər.

16.3. Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar mövcud olmadıqda sığortaçı könüllü sığorta növünün aparılmasına icazə almaq üçün hazırladığı müvafiq sığorta qaydalarını sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdır.

16.4. İcbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər sığorta qanunvericiliyi ilə müəyyən edilir.

16.5. Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edə bilər.

Maddə 17. Həyatın yığım sığortası üzrə fəaliyyətin həyata

keçirilməsinin əlavə xüsusiyyətləri

17.1. Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər. Bu halda borc sığorta müqaviləsinin qüvvədə olma müddətinin başa çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz. Bu maddədə nəzərdə tutulmuş borcun verilməsi qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

17.2. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı dövri sığorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artıra bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin