Azərbaycan Dövlət İnformasiya Agentliyi

III FƏSİL
SIĞORTAÇININ TƏSİSÇİLƏRİ VƏ SƏHMDARLARI

Maddə 18. Sığortaçının təsisçilərinin və səhmdarlarının

kateqoriyası

18.1. Bu Qanunun tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, yerli hüquqi şəxslər, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları və xarici sığortaçılar sığortaçının təsisçisi və (və ya) səhmdarı ola bilərlər.

18.2. Aşağıdakı şəxslər sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz:

18.2.1. xarici fiziki şəxslər;

18.2.2. vətəndaşlığı olmayan şəxslər;

18.2.3. bu Qanunun 19.3-cü maddəsinin tələblərinə cavab verən xarici sığortaçılar istisna olmaqla, digər xarici hüquqi şəxslər;

18.2.4. xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər;

18.2.5. siyasi partiyalar;

18.2.6. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar);

18.2.7. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları istisna olmaqla, digər beynəlxalq təşkilatlar.

Maddə 19. Sığortaçının təsisçisinə və ya səhmdarına dair tələblər

19.1. Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

19.1.1. müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması;

19.1.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - vətəndaş qüsursuzluğu.

19.2. Yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

19.2.1. qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;

19.2.2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.

19.3. Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

19.3.1. öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu;

19.3.2. fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin sığorta nəzarəti orqanı tərəfindən təsdiq edilməsi;

19.3.3. son beş il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməsi;

19.3.4. beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və sığorta nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması.

Maddə 20. Xarici sığortaçılara dair əlavə tələblər

20.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddi və bu payın hesablanması qaydaları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

20.2. Xarici sığortaçının Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.

Maddə 21. Mühüm iştirak payının əldə edilməsinə və ya əhəmiyyətli nəzarətə razılıq

21.1. Heç bir şəxs, o cümlədən sığortaçının təsisçisi və səhmdarı sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının adi səhmlərini almaqla, onun nizamnamə kapitalında mühüm iştirak payına malik olması, həmçinin sığortaçının üzərində əhəmiyyətli nəzarəti həyata keçirməsi ilə nəticələnən müqavilə bağlaya bilməz.

21.2. Şəxs sığortaçıda mühüm iştirak payını tam və ya qismən bu Qanunun tələblərini pozmaqla əldə edərsə, sığorta nəzarəti orqanı həmin payın və ya onun müvafiq hissəsinin müəyyənləşdirdiyi müddət ərzində ləğv edilməsi barədə şəxsə yazılı göstəriş verir.

Maddə 22. Mühüm iştirak payının əldə edilməsinə və ya

əhəmiyyətli nəzarətə razılıq üçün müraciət

22.1. Sığortaçıda mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmaq istəyən şəxs bu Qanunun tələblərinə uyğunluğunu təsdiq edən sənədləri əlavə etməklə niyyətini sığorta nəzarəti orqanı ilə razılaşdırmaq üçün yazılı müraciət etməlidir.

22.2. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən təqdim olunmuş sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya bu Qanuna uyğunsuzluq aşkar edərsə, müraciəti aldığı tarixdən etibarən 20 təqvim günü müddətində müraciət edəndən əlavə məlumatı, sənədi və ya izahatı yazılı şəkildə tələb edə bilər.

22.3. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciətə baxarkən sorğu əsasında müvafiq dövlət orqanlarından və digər şəxslərdən müraciətdə və ona əlavə edilmiş sənədlərdə qeyd olunan informasiyanın düzgünlüyü barədə məlumat ala bilər.

22.4. Dövlət orqanları və digər şəxslər bu Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş sorğuya onu aldıqları tarixdən 10 iş günü müddətində cavab verməlidirlər.

22.5. Müraciət edən bu Qanunun tələblərinə cavab verdikdə sığorta nəzarəti orqanı onun mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmasına razılıq verilməsi, əks halda isə belə razılıq verilməsindən imtina olunması barədə əsaslandırılmış (razılıq və ya bundan imtinanın əsasları və səbəbləri göstərilməklə) qərar qəbul edir.

22.6. Sığorta nəzarəti orqanı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş müraciəti və ya müvafiq halda 22.2-ci maddəsində nəzərdə tutulmuş əlavə məlumatı, sənədi, izahatı aldığı tarixdən etibarən 30 iş günü müddətində bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini müraciət edənə göndərir.

22.7. Sığorta nəzarəti orqanının bu Qanunun 22.5-ci maddəsində göstərilən qərarın surətini bu Qanunun 22.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə müraciət edənə göndərməməsi qeyd olunan mühüm iştirak payına və ya əhəmiyyətli nəzarətə malik olmağa bu orqanın razılığı kimi qiymətləndirilir.

Maddə 23. Səhmdarın məlumat vermək vəzifəsi

23.1. Xarici sığortaçı olan səhmdar və ya sığortaçıda mühüm iştirak payına malik olan yerli hüquqi şəxs aşağıda göstərilən müvafiq halın baş verdiyi tarixdən etibarən 10 iş günü müddətində bu barədə sığorta nəzarəti orqanına məlumat verməlidir:

23.1.1. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan şəxsin dəyişməsi;

23.1.2. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan fiziki və ya hüquqi şəxsin müvafiq olaraq vətəndaş qüsursuzluğuna, yaxud işgüzar nüfuzuna təsir göstərən halın yaranması;

23.1.3. yerli hüquqi şəxsin və ya xarici sığortaçının rəhbər işçisinin vətəndaş qüsursuzluğuna təsir göstərən halın yaranması;

23.1.4. yerli hüquqi şəxsə və ya xarici sığortaçıya əhəmiyyətli nəzarətə malik olan şəxsin sığortaçının nizamnamə kapitalındakı səhmlərinin əhəmiyyətli nəzarətin itirilməsi ilə nəticələnən sayda azalması;

23.2. Sığorta nəzarəti orqanı bu Qanuna riayət edilməsinə nəzarəti həyata keçirmək məqsədi ilə sığortaçının nizamnamə kapitalında mühüm iştirak payına malik olan və ya ona əhəmiyyətli nəzarəti həyata keçirən səhmdarlardan, yaxud digər şəxslərdən ildə bir dəfə fiziki şəxs olan həmin səhmdarların vətəndaş qüsursuzluğuna, hüquqi şəxs olan həmin səhmdarların isə rəhbər işçilərinin vətəndaş qüsursuzluğuna aid məlumatlar tələb edə bilər.

Maddə 24. Səhmdarın səs hüququnun etibarsızlığı

24.1. Şəxs sığortaçıda mühüm iştirak payını bu Qanunun tələblərini pozmaqla əldə edərsə, onun bu yolla malik olduğu səhmlər üzrə səs hüququ Səhmdarların Ümumi Yığıncağının iclaslarında nəzərə alınmır.

24.2. Səhmdarların Ümumi Yığıncağının bu Qanunun 24.1-ci maddəsi ilə qadağan olunan səs hüququ nəzərə alınmaqla qəbul etdiyi hər hansı qərar hüquqi qüvvəyə malik deyil və qəbul edildiyi andan etibarsızdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin