CƏMİYYƏT
İkinci “YAŞAT” düşərgəsinin növbəti həftəsi başa çatıb
Bakı, 23 iyul, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin növbəti həftəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dördüncü və beşinci gündə ilkin olaraq səhər idmanı təşkil olunub.
İştirakçılar hovuz saatından sonra peşəkar rəqqas İlham Kərimli tərəfindən təşkil olunan ustad dərsində əyləncəli vaxt keçiriblər.
Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları tərəfindən uşaqlar üçün “Pantomima buketi” tamaşası nümayiş olunub. Günün sonunda cizgi film saatı reallaşdırılıb.
Düşərgənin beşinci günündə Bakı Dövlət Sirkinin şousu uşaqlar tərəfindən maraqla qarşılanıb. Ardından iştirakçılar İctimai Televiziyada yayımlanan "Əlaçı" verilişi əsasında intellektual yarışda iştirak ediblər.
Bağlanış mərasimində uşaqlara sertifikatlar təqdim olunub.
Uşaqlar, həmçinin düşərgənin fəaliyyətini işıqlandıran media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik ediblər.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, düşərgənin baş sponsorları “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”, sponsorlar: “Paşa Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.