ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda məruzə dinlənilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda seminar keçirilib.
İlahiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Ceyhun Məmmədov ölkəmizdə gənclər siyasətinin dövlətin müəyyənləşdirdiyi istiqamətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycanda bu siyasətin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
İnstitutun rəhbəri ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla əldə oluna biləcəyini qeyd edib.
Rektor Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminar, dəyirmi masa, konfrans və görüşlərin təşkil edildiyini söyləyib. Gənclik dövrünün insan həyatında həlledici mərhələ olduğunu, bu dönəmdə verilmiş qərarların ömür yolunda dərin iz buraxdığını xatırladan rektor gənclərə bir sıra tövsiyələrini bildirib.
Sonra peşəkar idarəçi, biznes məsləhətçisi, motivasiyaverici spiker, bir çox ölkələrdə təlim, konfrans və seminarların iştirakçısı olmuş Fəxri Ağayevin “Gələcək karyeramı necə qurmalıyam?” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək onlara karyera imkanlarını dəyərləndirməkdə effektiv kömək edə bilər. Uğurlu karyera qurmaq üçün təkcə sahə və peşə bilikləri yetərli deyil, həmçinin insanın sosial vərdişləri, bacarıqları da xüsusi əhəmiyyət daşıyır. Fəxri Ağayev gənclərə öz tövsiyələrini bildirib: “Ali təhsil vacibdir, amma yetərli deyil. Ali təhsil bir dəfə alınır, amma yaşadığımız dövrdə o qədər böyük sürətlə inkişaf gedir ki, siz ömrünüzün sonunadək tələbə qalmalısınız”.
Seminar mövzu ətrafında tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.