ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun təşkil etdiyi qış məktəbi başa çatıb
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunun Nic qəsəbəsində təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi başa çatıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, qış məktəbi layihəsinin həyata keçirilməsində əsas məqsəd tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün zənginləşdirilməsi və layiqli vətəndaş olaraq yetişməsinə töhfə verməkdir.
Qış məktəbinin bağlanış mərasimində çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. Təşkil edilən proqramın tələbələr üçün böyük şans olduğunu nəzərə çatdıran A.Şirinov onlara ilahiyyat sahəsində biliklərini zənginləşdirməyi, bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib. Cəmiyyətimizi xurafatdan, mövhumatdan uzaq, saf, düzgün dini biliklərlə maarifləndirməyin əhəmiyyətinə toxunan A.Şirinov tələbələri milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində fəal olmağa çağırıb.
Daha sonra A.Şirinov Qəbələnin Nic qəsəbəsində təşkil edilən “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbinin əhəmiyyətinə toxunub, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda mövcud olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını qeyd edib.
Qış məktəbi iştirakçıları mükafatlandırılıb, onlara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində tələbələr üçün müxtəlif seminar və ziyarətlər, film nümayişləri, əyləncəli oyunlar təşkil edilib.