ELM VƏ TƏHSİL
“İLİN ƏN YAXŞI MÜƏLLİMİ” VƏ “İLİN ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ” MÜSABİQƏLƏRİ ÜZRƏ SƏNƏDLƏRİN QƏBULU BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin keçirilməsilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olmuşdur. İclasda nazir Misir Mərdanov Prezident İlham Əliyevin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli Fərmanı ilə əlaqədar qarşıya qoyulan vəzifələrdən danışmışdır.
Hər iki müsabiqə üzrə sənədlərin qəbulunun martın 15-də başa çatdığını qeyd edən nazir bildirmişdir ki, Təşkilat Komitəsinə “İlin ən yaxşı müəllimi” müsabiqəsi üzrə 400-dək, “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə isə 124 sənəd daxil olmuşdur.
Eyni zamanda, “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak üçün müraciətlər arasında riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, ingilis dili, tarix, kimya fənlərini tədris edən müəllimlərin üstünlük təşkil etdiyini diqqətə çatdırılmışdır.
M. Mərdanov “İlin ən yaxşı müəllimi” müsabiqəsi iştirakçılarının növbəti mərhələyə buraxılmamışdan əvvəl onların elmi-nəzəri və intellektual səviyyələrinin müəyyənləşdirilməsi üçün müvafiq suallar əsasında yaradıcı iş yazmaları təklifini Təşkilat Komitəsinin müzakirəsinə təqdim etmişdir.
İclasda yaradıcı yazı işinin aprelin əvvəllərində Bakının bir orta məktəbində keçirilməsi, qiymətləndirmənin müvafiq şəxslər tərəfindən aparılaraq nəticələrin operativ elan olunması, iştirakçı məktəblərin IX və XI sinif şagirdlərinin bilik səviyyəsinin xüsusi testlər vasitəsilə yoxlanılması, zəruri məlumatların ictimaiyyətə çatdırılması və digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.
Təşkilat Komitəsinin növbəti iclasınadək nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün konkret təkliflər verilməsi qərara alınmışdır.