İQTİSADİYYAT
İlin əvvəlindən əhali kateqoriyasına aid abonentlərə 1,4 milyard kubmetr həcmində təbii qaz satılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Cari ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi (İB) əhali kateqoriyasından olan abonentlərə 1 milyard 464 milyon 51 min 23 kubmetr həcmində təbii qaz satmışdır. Bunun qarşılığında 103,96 faiz məbləğində vəsait toplamışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabr ayı üzrə satılmış 69 milyon 908 min 52 kubmetr təbii qazın əvəzində toplanmış vəsaitin həcmi 121,08 faiz təşkil etmişdir. Bu, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılmış qaz həcmlərinin dəyərinin abonentlər tərəfindən yaz-yay mövsümündə ödənilməsi ilə əlaqədar olmuşdur. Nəticədə 2013-cü ilin sentyabr ayı ərzində debitor borc 3 faiz azalmışdır. Bu il yanvarın 1-nə mövcud olan debitor borc isə 9 ay ərzində 12,4 faiz azalmışdır.
Oktyabrın 1-nə olan məlumata əsasən, əhali sektoru üzrə 106 min 812 məcburi köçkün ailəsi fasiləsiz olaraq təbii qazla təmin olunmuşdur.