SİYASƏT
İlk süni peykimizin orbitə çıxarılması ölkəmizə iqtisadi dividentlər gətirəcəkdir
Bakı, 10 fevral (AZƏRTAC). “Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Çünki bu layihəni yalnız yüksək iqtisadi inkişafa malik olan dövlətlər həyata keçirə bilər”.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir.
Z.Səmədzadə bildirmişdir ki, Azərbaycanın beynəlxalq aləmdə iqtisadi cəhətdən reytinqi ildən-ilə yüksəlir. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan ölkə kimi tanınır. Müsbət inkişaf meylləri ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsini, Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə çatmasını təmin edir.
Komitə sədri demişdir: “İnkişafın Azərbaycan modeli, həm də ona görə uğurlu nəticələr əldə etməyə imkan verir ki, iqtisadi və siyasi islahatlar bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır. Azərbaycan dövləti sosialyönümlü bazar iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış strateji proqramlardan istifadə edir, sosial tərəqqini, keyfiyyətli inkişafı xarakterizə edən göstəricilərin daim yaxşılaşmasını özünün vacib vəzifələrindən sayır. İlk süni peykimizin orbitə çıxarılması böyük hadisə olmaqla yanaşı, ölkəmizə iqtisadi dividentlər gətirəcəyi şübhəsizdir. Qarşıdakı illərdə biz bunun nəticələrini görəcəyik”.