REGİONLAR
İmişlidə altı ayda süni mayalanma ilə cinsi yaxşılaşdırılmış 729 baş buzov doğulub
İmişli, 18 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub, mal-qaranın baş sayı çoxalıb, cins tərkibi yaxşılaşıb, ət və süd məhsullarının istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci il iyulun 1-nə təsərrüfatlarda 94 min 991 baş iribuynuzlu heyvan, o cümlədən 40 min 587 baş inək-camış, 253 min 639 baş qoyun-keçi qeydə alınıb. 2021-ci il eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,1 faiz artıb. İribuynuzlu mal-qaranın 98,8 faizi və ya 93 min 897 başı, qoyun və keçilərin 96,9 faizi və ya 245 min 745 başı, ailə kəndli və ev təsərrüfatlarına məxsusdur.
Yanvar-iyun aylarında 5 min 466,7 ton ət, 25 min 760,1 ton süd, 24 milyon 461 min ədəd yumurta, 379,2 ton yun istehsal olunub.
Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-iyun aylarında 1675 baş inək, camış və düyələr elit törədicilərin toxumları ilə süni mayalandırılıb, 729 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.