REGİONLAR
İnam Kərimov: Müasir dövrdə bütün cəmiyyətlərdə əsas çağırışlardan biri vətəndaşların gözləntilərinə uyğun ədalət mühakiməsini həyata keçirməkdir
Şuşa, 19 oktyabr, T.Ağaməmmədov, AZƏRTAC
Müasir dövrdə bütün cəmiyyətlərdə əsas çağırışlardan biri ədalət mühakiməsinin, məhkəmə sisteminin çevikliyini artırmaq, vətəndaşların gözləntilərinə uyğun ədalət mühakiməsini həyata keçirməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov söyləyib.
Ali Məhkəmənin sədri deyib: “Əlbəttə ki, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının, süni intellekt metodlarının və texnologiyalarının tətbiqi artıq günümüzün qaçılmaz reallığına çevrilmişdir. Çox sevindirici haldır ki, türk dövlətlərində, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə, o cümlədən Azərbaycanda da qabaqcıl hesab ediləcək təcrübələr var. Bununla yanaşı, biz digər ölkələrin də bu sahədə qabaqcıl təcrübələrini müşahidə etdik, fikirləri, təklifləri dinlədik”.
O əlavə edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin bütün sahələrdəki səmərəli əməkdaşlığı, həmçinin məhkəmə sistemində də olacaq və məhkəmə sistemlərinin, ədalət mühakiməsinin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi sahəsində qarşılıqlı təcrübələrdən istifadə ediləcək.