SİYASƏT
İNANIRIQ Kİ, TÜRKİYƏ HÖKUMƏTİ ÖZ SÖZÜNÜN ÜSTÜNDƏ DAYANACAQDIR
Bakı, 19 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov son zamanlar Türkiyə və Ermənistan arasında əlaqələrin bərpasına dair aparılan danışıqlara münasibət bildirərək demişdir: “Türkiyə və Ermənistan arasında münasibətlərin qurulmasını özündə ehtiva edən protokollara Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə əlaqədar müddəaların əlavə edilməsi ilə bağlı Türkiyənin bəzi partiyalarının verdiyi təklifləri ədalətli hesab edirəm. Eyni zamanda vurğulamaq istəyirəm ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edərkən Ermənistana münasibətdə mövqeyini birmənalı şəkildə bildirmişdir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə, Ermənistanla hər hansı əlaqələrdən, o cümlədən, sərhədlərin açılmasından söhbət gedə bilməz”.
Türkiyənin hökumət başçısının mövqeyinə hörmətlə yanaşıldığını deyən Əli Əhmədov, onun öz sözünün üstündə dayanacağına inandığını qeyd etmişdir.
YAP sədrinin müavini vurğulamışdır: “Digər tərəfdən, bizdə inam yaradan Türkiyə cəmiyyətinin bu prosesdə birmənalı olaraq və qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etməsidir”.