MƏDƏNİYYƏT
İNDONEZİYA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏ OLMUŞDUR
Bakı, 22 aprel (AZƏRTAC). Ölkəmizdə səfərdə olan İndoneziya Parlamentinin Nümayəndələr Palatası sədrinin müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 22-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonaqlara məlumat verilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrinin bariz nümunəsidir.
Orta əsrlərdə məişətdə işlənən əşyalar İndoneziya nümayəndə heyətinin başçısında xüsusi maraq doğurmuşdur. Məlumat verilmişdir ki, 150-dən çox işçinin çalışdığı muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin yerləşdiyi, 1895-1897-ci illərdə tikilmiş və Bakının memarlıq abidələrindən sayılan bina isə Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur.
Qonaqlar muzeydən xoş təəssüratla ayrılmışlar.
######