REGİONLAR
İndoneziya şəhərləri ilə Mingəçevir arasında əməkdaşlıq əlaqələri qurulacaq
Mingəçevir, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bey Fanani Mingəçevir şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə səfirə Mingəçevirin tarixi, iqtisadi və sosial həyatı barədə, eləcə də reallaşdırılan layihələr haqqında ətraflı məlumat verilib.
Hüsnan bey Fanani Azərbaycan ilə İndoneziya arasında iqtisadi əlaqələrin ildən-ilə artdığını qeyd edib. Səfir bildirib ki, səfərindən məqsəd şəhərlə tanış olmaq, təmsil etdiyi ölkənin şəhərləri ilə Mingəçevir arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasına kömək etməkdir.
Sonra səfir Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzi, Gənclər evi, Mingəçevir Dövlət Dram Teatrı ilə tanış olub, şəhərdə məskunlaşan məcburi köçkünlərlə görüşüb.
İndoneziyalı diplomat səfər çərçivəsində şəhərin sənaye potensialı ilə yaxından tanış olacaq.