İQTİSADİYYAT
İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur
Bakı, 13 fevral (AZƏRTAC). İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il Dövlət İnvestisiya Proqramı çərçivəsində bu məqsədlərə böyük həcmdə vəsait qoyulmuşdur. Bu il də təxminən 800 milyon manata yaxın, bəlkə ondan da çox vəsait nəzərdə tutulur. Yenə də biz məqsədi maksimum şəkildə götürürük ki, bütün yaşayış məntəqələrində - Bakıda, bütün şəhərlərdə və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su layihələri icra edilsin.
AZƏRTAC xəbər verir ki, bu fikri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində Prezident İlham Əliyev bildirmişdir.
Bu işlərin bütün bölgələrdə geniş vüsət aldığını qeyd edən dövlətimizin başçısı demişdir: “Bütün dövrlərdə qarşımızda duran bu böyük problem əminəm ki, yaxın illərdə öz həllini tapacaqdır. Onu da qeyd etmək istəyirəm ki, biz bu layihələri əhalinin artımını nəzərə almaqla elə qururuq ki, ən azı 2035-ci ilə qədər öz səmərəsini təmin etsin”