DÜNYA
İngiltərənin sabiq kralının kəllə sümüyü tapılmışdır
London, 5 fevral (AZƏRTAC). Leicesterdə İngiltərənin sabiq kralı III Riçardın kəllə sümüyü tapılmışdır.
“BBC News”un verdiyi məlumata görə, həmin kəllə sümüyü vasitəsilə kral III Riçardın həqiqi şəklini əldə etmək mümkün olmuşdur.
Əvvəlcə kimə məxsus olması şüphə yaradan kəllə sümüyünün təqiqatlar nəticəsində III Riçarda aid olduğu aşkarlanmışdır. Belə ki, kralın ölümündən sonra çəkilən portretlərlə uyğunluq təşkil edir. Bundan başqa kralın nəslindən olan insanların DNT-si ilə də kəllə sümüyü tamamilə uyğunluq təşkil edir.
III Riçard dövrünü araşdıran, krala aid bir çox tarixi əsərin müəllifi təqiqatçı Ashdown-Hill açıqlamasında bildirmişdir: “ Bu, sadəcə bir sümük, bir skelet idi. Ancaq skelet vasitəsilə III Riçardın üzü yenidən qurulması reallaşdıqdan sonra özümü kral ilə qarşılaşmış kimi hiss etdim”.
Bu skelet vasitəsilə kralın üzünün yenidən qurulması böyük əhəmiyyət kəsb edir. Çünki sabiq kralın müasir dövrdə çəkilmiş portreti yoxdur.
Qeyd edək ki, kral III Riçard 1483-1485-ci illərdə hakimiyyətdə olmuş və 1485-ci ildə 32 yaşında Leicester yaxınlığındakı Bosvort döyüşündə vəfat etmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London