REGİONLAR
İnnovasiyalar Agentliyi startaplar və innovativ təşəbbüskarlıq mövzusunda növbəti təlimi Lənkəranda keçirib
Bakı, 26 dekabr, AZƏRTAC
İnnovasiyalar Agentliyi bölgələrdə gənc sahibkarlıq (startaplar) və innovativ təşəbbüskarlıq mövzularında təlimlərini davam etdirir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 26-da “Təşəbbüskarlıq hamı üçün” adlı növbəti təlim Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində baş tutub. Bu dəfə təlimçi “Youth Inc.” Sahibkarlıq Proqramının icraçı direktoru Camal Ağayev olub. Təlimin keçirilməsinin əsas məqsədi startap ekosisteminin formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstəyin verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi, eyni zamanda, onların təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsidir.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin koordinatorları Fidan Rüstəmova və Zaur Ünsizadə tələbə və gənclərə innovasiya və yüksək texnologiyalar üzrə layihələrini reallaşdıra bilmələri üçün İnnovasiyalar Agentliyinin onlara dəstək göstərməyə hazır olduğunu bildiriblər. Qeyd edilib ki, innovativ ideyası olan gənclər Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran ofisinə müraciət edə bilərlər.