SİYASƏT
İNSAN ALVERİ QURBANLARINA HÜQUQİ YARDIM GÖSTƏRİLİR
Bakı, 25 dekabr (AZƏRTAC). Beynəlxalq Əmək Təşkilatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzi ilə birgə seminar keçirmişdir.
“İnsan alveri qurbanlarına yardım” mövzusuna həsr edilmiş tədbirə müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq qurumların təmsilçiləri qatılmışlar.
Açılış mərasimində Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin, İnsan alveri qurbanlarına Yardım Mərkəzi və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri tədbirin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırmışlar.
Ombudsman Aparatının əməkdaşları ölkəmizin bu sahədə bir sıra beynəlxalq sənədlərə qoşulduğunu qeyd etmiş, Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının, habelə "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı"nın əsas müddəaları barədə məlumat vermişlər.