İNZİBATİ VƏ YARDIMÇI VƏZİFƏLƏRİN TƏSNİFAT TOPLUSUNUN TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Təsnifat Toplusuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə
tapşırılsın ki, bir ay müddətində:
- Azərbaycan Respublikası Prezidentinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin;
- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinin nomenklaturuna aid edilən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bir ay müddətində həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsini təmin etsinlər.
6. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn məsələləri həll etsinlər.
7. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına, Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələrinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinə, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinə, rayon (şəhər) məhkəmələrinə, hərbi məhkəmələrə və yerli iqtisad məhkəmələrinə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinə təklif edilsin ki, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusundan irəli gələn məsələləri, o cümlədən həmin orqanların aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi məsələsini həll etsinlər.
8. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
4 avqust 2003-cü il.